arXiv (X hərfi yunan xi hərfini (χ) ifadə edir)[5] — dərci qiymətləndirmədən yox moderasiyadan sonra təsdiqlənən elektron preprintlərin və postprintlərin (e-print də deyilir) açıq girişli verilənlər anbarı. Sayt riyaziyyat, fizika, astronomiya, elektrik mühəndisliyi, kompüter elmləri, kəmiyyət biologiyası, statistika, riyazi maliyyə və iqtisadiyyat sahələrində onlayn əldə edilə bilən elmi məqalələrdən ibarətdir. Riyaziyyat və fizikanın bir çox sahələrində demək olar ki, bütün elmi məqalələr resenziyalı jurnalda dərc edilməzdən əvvəl "arXiv" anbarında öz-özünə arxivləşdirilir. Bəzi naşirlər müəlliflərə həm də qiymətləndirilmiş postprinti arxivləşdirməyə icazə verirlər. 14 avqust 1991-ci ildə yaradılan "arXiv.org"dakı məqalə sayı 2008-ci il oktyabrın 3-də yarım milyonu,[6][7] 2014-cü ilin sonunda bir milyonu,[8][9] 2021-ci ilin sonunda isə iki milyonu keçdi.[10][11] 2021-ci ilin aprel ayına olan məlumata görə, təqdimetmə sıxlığı ayda təxminən 16,000 məqalədir.[12]